Edvard Bredford Titçener () — ingilis əsilli psixoloqdur. Psixologiyanın ABŞ-da təcrübi bir elm olaraq tanınmasında əvəzsiz töhfələri olmuşdur.Köymen, O. (1985). Edward Bradford Titchener. Türk ve Dünya Ünlüleri Ansiklopedisi. içinde (10, ???-??? ). İstanbul: Anadolu Yayıncılık. 1885-ci ildə daxil olduğu Oksford Universitetində bir müddət klassik dillər və biologiya üzrə təhsil aldıqdan sonra Titçener son qərar olaraq Psixologiya sahəsini seçdi. 28 yaşında artıq psixologiya professoru olan E.B.Titçener Vilhelm Vundtun fikirlərindən təsirlənərək həmin istiqamətdə tədqiqatlara davam etdi. Bu sahədə o, daha çox daxili müşahidə metodundan istifadə etdi. E.B.Titçener bu metodun psixologiya sahəsində əhəmiyyətli bir üsul olduğunu qeyd edirdi.Edward Bradford Titchener , Erişim tarihi: 29 Mayıs 2016
Həyatı Təhsili Edvard Bredford Titçener 1867-ci ildə İngiltərənin Çiçester şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. Təhsilinə Qərbi Sussexdəki ən qədim məktəblərdən biri olan "The Prebendal School"-da başlamışdır. 1881-ci ildə, 14 yaşında olarkən Worcestershire-dəki Malvern Kollecində təhsil almağa başladı. 1885-ci ildə isə Oksford Universitetində təqaüdlə təhsilə başladı. Burada dörd il tarix və qədim Yunan-Latın ədəbiyyatını təhsili aldıqdan sonra beşinci il Fiziologiyada elmi işçi oldu. Bu dövrdə E.B.Titçener V.Vundtun psixologiyası ilə maraqlanırdı. V.Vundtun tədqiqatları ilə tanış olduqdan sonra onun "Fizioloji Psixologiyanın Prinsipləri" adlı əsərini Alman dilindən İngilis dilinə tərcümə etdi. O, 1890-cı ildə Oksford Universitetindən məzun olduqdan sonra Leypsiqə, V.Vundtun laboratoriyasına gedərək doktorluq təhsili almışdır. Burada V.Vundtun fikirlərini mənimsəmiş və doktorluq dissertasiyasını bu istiqamətdə tamamlamışdır. Titçener doktorluq dissertasiyasını cəmi iki ildə yəni, 1892-ci ildə bitirmişdir.
Fəaliyyəti E.B.Titchener yeni psixologiyanın İngiltərədəki qabaqcıllarından biri olmaq istəyirdi, lakin o dövrdə İngiltərədəki insanlar öz fəlsəfi mövzularından başqa elmi yanaşmalara qarşı şübhə ilə yanaşırdı. Nəticədə Titçener bir neçə ay Oksford Universitetinin Biologiya kafedrasında müəllim kimi fəaliyyət göstərdikdən sonra psixologiya fənnini tədris etmək məqsədilə Amerika Birləşmiş Ştatlarına getdi. O, eyni zamanda Leypsiqdən olan dostu Frank Angellin və Stanfordun ilk psixoloji laboratoriyasını qurmaq üçün hazırladığı Kornell Universitetindəki laboratoriyanı da idarə etməyi öz öhdəsinə götürmüşdür. O, ömrünün sonuna qədər Kornell Universitetində qaldı. E.B.Titçener 1927-ci ildə, 60 yaşında beyin şişi səbəbilə vəfat etdi.
Nəzəriyyələri və strukturalist fikirləri E.B.Titçener fikrinə görə, psixologiya əsas elmdir. Bu fikrə əsasən psixologiyanın məqsədi xəstə zehinləri sağaltmaq, fərdləri müalicə etmək deyil, zehinin quruluşunu tədqiq etmək olmalıdır. Titçenerin fikrincə, zehin və şüur anlayışları bir-birindən fərqlənir. E.B.Titçener şüuru müəyyən bir zamanda mövcud olan təcrübələrimiz, ağlı isə həyatımız boyu toplanan təcrübələrimiz olaraq təsvir edir. E.B.Titçener şüurun necə işlədiyinə dair fikirlərini formalaşdırarkən Vilhelm Vundtun "İradə Gücü nəzəriyyəsi" adlı əsərindən və onun assosiasiya, tam qavrayış kimi fikirlərindən təsirlənmişdir. E.B.Titçener kimyaçıların suyu oksigen və hidrogen kimi komponentlərə ayırdığı kimi şüuru da onun tərkib hissələrinə ayırmağa cəhd etdi. Çünki, o, kimyəvi maddələrin oksigen və hidrogen kimi quruluşlardan meydana gəldiyi kimi, şüurun quruluşunun da hiss və düşüncələrdən ibarət olduğunu düşünürdü. Onun fikrinə görə, hər bir hissin sıxlıq, keyfiyyət, davamlılıq və əhatə dairəsi olmaqla dörd əsas xüsusiyyəti vardır. Bunların hər biri stimulun keyfiyyətinə bərabər olsa da, bəzi stimullar müvafiq hiss ölçüsünə nisbətən daha az təsir edir. Məsələn, hiss üzvlərinin xüsusi bir növü olan, eşitmə "ton" və "səs-küy" şəklində bölünərək daha yuxarı bir səviyyədəçox fərqləndirilir. E.B.Titçener düşüncə və qavrayışın intellektual janrın sözlər, nitq, səs və ya səhifədəki şəkillər kimi hisslərdən meydana gəldiyini düşünürdü. Titchener, şüurun əsas komponentlərini müəyyənləşdirmək və təsnifləşdirmək olarsa, metacognition və idrak proseslərinin quruluşunun ortaya çıxacağına inanırdı. XIX əsrin sonlarında Titchener Wundt'ın əsas fikirlərini ABŞ-a gətirdi. Vilhelm Vundtun düşüncələrini genişləndirərək, şüurun quruluşunu formalaşdıran elementlərə daha çox diqqət ayırması səbəbilə bu psixologiyanı strukturalizm adlandırmış və şüurun quruluşuna dair olan tədqiqatlarını artırmışdır. Titçenerin fikrinə görə, strukturalizmin müəyyənləşdirilməsində üç əsas sual müzakirə olunmalıdır:
Təcrübəni yaşayan fərddən asılı olmayan müstəqil bir təcrübə ilə təcrübəni yaşayan fərddən asılı olan təcrübə arasındakı fərqlər nədən ibarətdir? Daxili müşahidənin digər elmlər tərəfindən istifadə edilən metodlarla əlaqəsi nədən ibarətdir? Strukturalizmin məqsədini müəyyənləşdirmək və əsas suallarını cavablandırmaq üçün psixologiya elmi ilə təbiət elmləri arasında oxşarlıqlar nələrdir?
E.B.Titçenerin strukturalizminin üç məqsədi vardır:
Şüuru sadə komponentlərinə ayıraraq təyin etmək; Şüurun əsas elementlərinin birləşmələrini müəyyənləşdirmək; Sinir sisteminin komponentlərinin bir-birilə və bu komponentlərin əmələ gətirdiyi birləşmələr ilə olan qarşılıqlı əlaqəsini izah etmək.
E.B.Titçener strukturalist bir psixoloq kimi psixoloji araşdırmalarında və psixoloji proseslərin tədqiqində metodoloji sisteminə xələl gətirmədən təbiət elmlərinə ciddi şəkildə sadiq qalırdı. Titçenerin bu münasibəti psixologiyanı elm kimi qəbul etməsinin bir göstəricisidir. O, eyni zamanda bunlara əməl olunmadığı təqdirdə aparılan tədqiqatların elmi psixologiya olaraq adlandırmağın mümkün olmadığını bildirmişdir.
E.B.Titçenerin Daxili müşahidə metodu haqqındakı fikirləri Daxili müşahidə metodu E.B.Titçenerin şüurun fərqli komponentlərini təsvir etmək üçün istifadə etdiyi əsas metoddur. Vilhelm Vundtun daxili müşahidəsindən fərqli olaraq, onun daxili müşahidə metodunun analiz hesabatları daha sərt təlimatlara malikdir. Titçener bu metodun həm fiziki, həm də intellektual stimullara tətbiq edilə biləcəyinə inanırdı. Buna misal olaraq tələbələrinə qırmızı bir cisim verərək onun həmin cismə reaksiya verməsini gözləyənə qədər tələbələrindən qırmızı məfhumlar düşünüb daxili müşahidə etmələrini istəməsini göstərmək olar. Titçener, təcrübəçinin obyekt ilə onun analizi mövzusunda təlim keçməsinin lazım olduğunu düşünürdü. Onun sözlərinə görə, təcrübəçi məlumatı anlıq olaraq ifadə etməməlidir. Bu keyfiyyəti ilə Titçenerin müşahidə metodu Osvald Külpenin daxili müşahidə metoduna bənzəyir. Titçener bunu stimullaşdırıcının səhvi kimi izah etmişdir.
E.B.Titçenerin fikrinə görə şüurun elementləri E.B.Titçener hesab edir ki, əsasən üç şüur vəziyyəti vardır: hisslər, görüntülər və emosional vəziyyətlər. Hisslər qavrayışın əsas elementləridir. Ətrafdakı görüntü, səs, qoxu və fiziki cisimlərin səbəb olduğu digər təcrübələrdə meydana gəlir. Təsəvvür düşüncələrin elementləridir və keçmiş həyatın xatirəsi kimi hal-hazırda mövcud olmayan təcrübələri təsvir edən proseslərdə tapılır. Hisslər (sevgi) həvəs elementləridir və sevgi, nifrət, bədbəxtlik kimi vəziyyətlərdə olur. E.B.Titçener "Psixologiyaya bir baxış" adlı (1896) tədqiqatlarında aşkarladığı hiss elementlərinin siyahısını təqdim etmişdir. Bu siyahıya 44 mindən çox hiss xüsusiyətləri daxildir. Bunların əksəriyyəti vizual və eşitmə qabiliyyətləridir. E.B.Titçener zehni ünsürlərin onları bir-birindən fərqləndirən müəyyən xüsusiyyətlərə sahib olduğunu söyləmişdir. V.Vundtun keyfiyyət və sıxlıq xüsusiyyətlərinə əlavə olaraq, E.B.Titçener davamlılıq və aydınlıq xüsusiyyətlərini də əlavə etdi. Keyfiyyət (quality) soyuqluq və rəng kimi elementləri digər elementlərdən fərqləndirən xüsusiyyətdir. Sıxlıq (intensity) bir sensasiyanın parlaqlığı və ya səs-küyü kimi xüsusiyyətlərdir. Davamlılıq (duration) zamanla bir sensasiyanın gedişatını təsvir edir. Aydınlıq (clearness) şüurlu bir təcrübədə diqqətin rolunu izah edir. Diqqətin mərkəzində olan bir təcrübə, diqqətin yönəldilmədiyi təcrübədən daha üstündür.
E.B.Titçenerin dövrüdə psixologiyada qadınların yeri Bir qrup psixoloq araşdırmalarını şifahi hesabatlarda müzakirə etmək üçün "Titçenerin Təcrübəçiləri" adlı qrupda bir araya gəldi. E.B.Titçener bu görüşlərə nəzarət edir, qonaqları və məsələləri müəyyənləşdirirdi. Titçenerin tələbəsi olan Edvin Borinqin nişanlısı ilə birlikdə başqa bir qadın, təcrübəçilərin yığışdığı otağın yanındakı otaqda gözləyərkən "yarı açıq qalmış qapının arxasından gələn səsləri eşitmiş və kişi psixologiyasının nədən ibarət olduğunu öyrənmişdi".Boring, 1967, s. 322 1912-ci ildə keçiriləcək iclasda dövrün tədqiqatçılarından olan Kristin Ladd Franklin (1847-1930) də iştirak edib, eksperimental psixologiya mövzusu ilə əlaqəli bir məqalədə oxumaq istəmişdir. K.L.Franklin Göttingen Universitetindəki G.E.Müllerin laboratoriyasında və Q.L.Qelmqolçun laboratoriyasında rəng görmə qabiliyyəti haqqında tədqiqatlar aparırdı. Eyni zamanda Hopkins Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi almaq üçün lazım olan bütün şəraiti də qurmuşdur. Lakin qadın olduğu üçün bu titul K.L.Franklinə verilmədi. Qırx dörd il sonra bu səhv düzəldildi və K.L.Franklinə layiq olduğu ad verildi. K.L.Franklinin iclasda iştirak etmək istəyi E.B.Titçener tərəfindən rədd edilmişdir. Titçener bunu bir dostuna belə izah edirdi: "Xanım Franklin iclaslarda qadınların iştirakına icazə vermədiyim üçün məni mətbuatda fikir söyləməklə hədələyir".Scarbrought&Furumoto, 1987, s. 126 Vəziyyət bu cür davam edərkən Titçener dövrün qabaqcıl universitetlərindən olan Harvard və Kolumbiya Universitetlərindən çox fərqli bir yanaşma həyata keçirərək doktorluq proqramında iştirak edən tələbələrin üçdə birini qadınlardan təşkil etmişdir. Ancaq yenə də təcrübəçi iclaslarında qadınların iştirakına olan mənfi münasibətini qoruyurdu. Titçenerin təşviqi sayəsində psixologiya üzrə ilk doktorluq dərəcəsini Titçenerin öz tələbəsi Marqaret Floyd Uoşbern aldı. M.F.Uoşbern karyerasının növbəti illərində Amerika Psixoloji Assosiasiyasının prezidenti vəzifəsinə qədər yüksəlmişdir.''Schultz,D. ve Schultz,S.E.(2007). Modern Psikoloji Tarihi (Y. Aslay, Çev.)İstanbul: Kaknüs Yayınları
Daxili müşahidə metoduna qarşı yönələn tənqidlər