Hacı Heybət məscidi — XVII və ya XIX əsrdə tikilmiş tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Fatmayı kəndində yerləşir.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Hacı Heybət məscidi Fatmayı kəndində tikilib. Onun neçənci əsrdə tikilməsi ilə bağlı fikirlər müxtəlifdir. Bəzi müəlliflər məscidin XVII əsrdə bəziləri isə XIX əsrdə inşa olunduğunu qeyd ediblər. Azərbaycanlı memar Şamil Fətullayevə görə məscidin üzərindəki epiqrafik cədvəldə onun kənd əhalisi və Ağa Kamalın səyi ilə 1805-1806-cı illərdə tikilməsi qeyd olunub. Məscidin əsas zalı dörd tağdan ibarətdir, iki giriş qapısı və iki pəncərəsi var. Mehrabın sağ tərəfində kiçik bir daş kitabə mövcuddur. Məscidin eyvanı var.

Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Hacı Heybət məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Abşeron rayonunun məscidləri Kateqoriya:Fatmayı Kateqoriya:Bakının tarixi binaları