ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır.
Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər.
İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. Həmçinin ikinci mövsümdə serialın aktyor heyətinə Keynan Lonsdeyl qoşulmuşdur. Bu mövsümdə həm də spin-off kimi inkişaf etdirilən "Sabahın əfsanələri" serialının bir neçə personajı təqdim edilmişdir.
İkinci mövsümün premyerasını 3,58 milyon nəfər izləmişdir ki, bu da birinci mövsümün anoloji nəticəsindən daha aşağı göstəricidir. "Fleş"in ikinci mövsümü ümumilikdə tənqidçilər tərəfindən müsbət qarşılanaraq, ortalama 4,25 milyon izləyici göstəricisi ilə ümumi serialların reytinqində 112-ci yeri tutmuşdur. 11 mart 2016-cı ildə serialın üçüncü mövsümünün istehsal ediləcəyi elan olunmuşdur.
Məzmun
200px|thumb|left|İkinci mövsümün əsas antoqonisti olan Zuma həsr edilmiş təbliğat afişası. Birinci mövsümün sonunda Fleş və Alov qasırğası birlikdə Sentral-sitini xilas edə bilsələr də, nəticədə Ronni həlak olur. Həmin hadisədən yarım il keçir və Fleşi hamı qəhrəman kimi qəbul edir. Şəhər rəhbərliyi minnətdarlığını bildirmək üçün Fleşi mükafatlandırmağı qərara lır. Mükafatlandırma mərasimi zamanı Atom dağıdıcısı Fleşə hücum edir. Keytlinin tapdığı video yazısında Həkim Uells Nora Allenin qətlində günahkar olduğunu etiraf edir və Barrinin atasını həbsdən azad edirlər. Fleşin komandası Atom dağıdıcısını həbs etməyə kömək edir və o, Zum tərəfindən göndərildiyini boynuna alır. Gözlənilmədən S.T.A.R Labsa gələn Cey Qarrik, Fleşin dünyasının təhlükə altında olduğunu bildirir.
Cey Qarrik bildirir ki, başqa dünyadan gəlib və gəldiyi dünyada o Fleşdir. Barrinin dünyasına gəlməmişdən əvvəl o, Zum adlı qəddar spidsterlə döyüşüb və məğlub olub. Bundan sonra göydə portal açılıb və qəfildən Ceyi sorub, bu zaman o, öz sürətindən də məhrum olub. Bu arada Zum öz dünyasından Barrinin dünyasına bir-bir canilər göndərir və Barrinin öldürüləcəyi halda onları geri qaytarmağa söz verir. Keytlin Ceyi tibbi baxışdan keçirdiyi müddətdə, Həkim Şteyn və Sisko başqa dünyalar haqqında nəzəriyyə hazırlayırlar (bu zaman onlar, Barrinin dünyasını Dünya-1, Ceyin dünyasını isə Dünya-2 adlandırırlar).
Fleş komandası S.T.A.R Labsın zirzəmisində Dünya-2-yə açılan portal olmasını aşkarlayırlar. Barri portala qaçmağa çalışsa da, portal onu buraxmır. Professor Şteyn və Cey Qarrik portaı stabilləşdirməyə çalışırlar. Cey və Şteyn portalı stabilləşdirməyə nail olur. Cey evə qayıtmaq istəsə də, Barri Zumun məğlub edilməsinə kimi onun Dünya-1-də qalmasının düzgün olacağını bildirir. Bir neçə saat sonra portal vasitəsiylə Dünya-2-dən Dünya-1-ə Harrison Uells keçir. Sisko Uellsin qızının Zumun əsiri olmasını öyrənir. Bir qədər sonra peyda olan Zum Lindanı qaçırır. Fleş Lindanı xilas etsə də, nə o, nə də Harrison Zuma qalib gələ bilmir. O, Barrini möhkəm döyərək, onun zəifliyini bütün şəhərə göstərir. Zum S.T.A.R. Labsa gəldikdə Sisko ona yavaşlatma iynəsi vura bilir, lakin Zum qaçıb gedir. Özünə gələn Barri, ayaqlarını hiss etmədiyini deyir. Aldığı zədələrdən sonra Barri tərpənməyə başlasa da, hələ ki, əlil arabası vasitəsiylə yeriyir. Harrison Uells öz dünyasına qayıtmağa qərar verir.
Keytlin və Uells S.T.A.R. Labsdakı portal xaric şəhərdəki bütün portalları bağlamağı qərarlaşdırırlar. S.T.A.R. Labsa gələn Zum Uellsə hücum etsə də, onu öldürmür. Harrison bu hücum haqqında heç kimə danışmır. Sisko komandaya bildirir ki, Zumu yavaşlandırmaq üçün yol tapıb və bu məqsədlə o, Tısbağa ləqəbli metainsanı istifadə etmək istəyir. Tısbağa ətrafındakı hər kəsi yavaşladaraq onların kinetik enerjisini mənimsəyir. Tısbağanın gücünü tədqiq etmək üçün Harrison onu öldürür. Uells Fleşin gücünü əmən qurğu yaradır və onu kostyuma yerləşdirir. O, Fleşin gücünün bir hissəsini çəkərək ampulaya yığmağa müvəffəq olur və ampulanı Zuma verir. Lakin Zum daha çox güc tələb edir. Qarşılaşma zamanı Fleş kifayət qədər sürəti olmadığını hiss edir . Başqalarına ziyan vurmaq istəməyən Uells əməllərinin hamısını etiraf etməli olur. Co, onu həbs edərək sürətləndiricidəki kameralardan birinə atır. Lakin Barri Uellsi bağışlayaraq qızını xilas etməkdə ona kömək etməyə söz verir.
Barri şəhərdə olan bütün portalları bağlamağa müvəffəq olur və yalnız S.T.A.R. Labsdakı portal açıq saxlanır. Daha sonra Barri, Uells və Sisko açıq portaldan keçərək Dünya-2-yə düşürlər. Dünya-2 başqa tezlikdə titrədiyinə görə Siskonun bacarığı özünü göstərmir və onlar Zumu görə bilmirlər. Zum Fleşi qaçırır və Uellsin qızını saxladığı kamera ilə üzbəüz başqa bir kamerada həbs edir. Zum, Harrison Uellsin Dünya-2-yə qayıtdığını öyrənir və Sentral-siti sakinlərindən onu təhvil vermələrini tələb edir. Zum S.T.A.R. Labsa basqın etsə də, Sisko, Uells və Barrinin oxşarı Uellsin saxlancında gizlənirlər. Bundan sonra komanda Qatil Şaxtanın axtarışına çıxır ki, o, Zumun qərargahını göstərsin. Bu arada Zumun qərargahında Barri və Cessi üçüncü dustağın onlara nə demək istədiyini anlamağa çalışır. Komanda və Qatil Şaxta arasında danışıqlar baş tutmur və döyüş başlayır. Döyüşdən sonra Sisko Şaxtanı kömək etməsi üçün dilə tutur və o, razılaşır. Komanda Zumun qərargahına girərək Cessi və Barrini azad etsə də, bu zaman Qatil Şaxta tərəfindən xəbərdar edilmiş Zum peyda olur. Ronninin öldürülməsinin əvəzini çıxmaq üçün Şaxta, Zumun qarşısını alır və komandanın qaçmasına şərait yaradır. Üçüncü dustağı isə xilas etmək mümkün olmur.
Cey, Keytlin və Co portalı stabilləşdirirlər və Barri, Sisko, Uells və Cessi evə qayıdırlar. Lakin son anda Ceyi tutan Zum, özü ilə Dünya-2-yə aparır. Dünya-2-də Ceyin bədənini öz qərargahına gətirən Zum maskasını çıxarır və onun Cey kimi göründüyü məlum olur. Barrinin Zumu dayandıra biləcək qədər sürətli olması üçün Fleş komandası onunla məşqlərə başlayır. Barri Zumun Cey olması nəzəriyyəsini irəli sürür. Ceyin dəbilqəsinə toxunan Sisko onun Zum olması haqqında görgü alır. Hamı aldadıldığını başa düşür. Sisko portal açır və Zum həmin portaldan keçir. Zumu S.T.A.R. Labsa qovan Barri, onun diqqətini yayındırmaq üçün valideynlərinin fotolarını istifadə edir. O, müvəqqəti olaraq canini zərərsizləşdirir, maskasını çıxarır və danışıqlara başlayır. Zum qaçır və Uollini əsir götürərək, qaytarmaq üçün əvəzində Barrinin sürətini tələb edir. Barri razılaşır. Zum Uollini qaytarır və öldürdüyü Ceyin, onun özü tərəfindən yaradılmış müvəqqəti əkiz olduğunu danışır. Uells tərəfindən sürəti çəkilən Barri, adi insana çevrilir. Daha da sürətli olan Zum az qala Barrini öldürür. Keytlin ona yalvararaq dayanmasını xahiş edir. Bu zaman Zum qaçaraq onu da özü ilə aparır. Dünya-2-də Hanter Keytlini əsir saxlayır. Zumun yoxluğundan istifadə edən Keytlin, Qatil Şaxta ilə tanış olur. Cani Keytlini onu azad etməyə razı salır və azadlığa çıxan kimi Keytlini öldürməyə çalışır. Hadisə yerinə gələn Zum Qatil Şaxtanı öldürür və Keytlinə xəbərdarlıq edərək bildirir ki, bir də səhvini təkrarlasa, onu da bu cür tale gözləyir. Bundan sonra Zum, Dünya-1-dən başlamaqla, bütün dünyaları işğal etmək qərarına gəlir.
Sentral-sitini tutmaq məqsədi ilə Zum, Dünya-1-ə qayıdır. Barri, yenidən Fleşə çevrilməli olduğunu başa düşür, Harri isə Barriyə təsir etmiş ilk hadisənin effektini yaratmaq üçün onu xüsusi kameraya yerləşdirir. Lakin təcrübə uğursuz alınır və Barri dezinteqrasiyaya məruz qalır. Bu təcrübədən xəbərsiz olan Uolli və Cessi qara materiyanın təsir dairəsinə düşürlər. Peyda olan Zum uğursuz təcrübəni ələ salır. Cessi və Uollini huşsuz halda tapırlar; Uolli tezliklə özünə gəlsə də, Cessi komaya düşür. Bu arada Sisko, özünə gələn görmə ilə Barrinin sağ olduğunu anlayır. Barri öz otağında oyanaraq qonaq otağına düşür və orda onu, Co qarşılayır. Co, ona, sürət gücünün fiziki təzahürü olduğunu və şəhərdə qaçan sirrli kölgəni tutmasa öz dünyasına qayıda bilməyəcəyini deyir. Sisko və Uells Barrinin qayıtması üçün dəhliz yaratsalar da, o, sürətini qaytarmaq üçün qalmağa üstünlük verir. Kölgəni izləyən Barri sürət gücünün digər simaları ilə də qarşılaşır və onlar hamısı Barrinin yaxın adamlarının cildində görünürlər. Sürət gücü Barriyə “qəhrəman” anlayışının özündə nəyi ehtiva etdiyini və anasının ölümü ilə razılaşmayacağı halda yenidən Fleş ola bilməyəcəyini izah etməyə çalışır. Daha sonra anası ilə danışan Barri, nəhayət ki, kölgəni tutur və onun özünə aid olduğunu görür. Gücünü özünə qaytaran Barri, Ayris və Siskonun köməyi ilə yenidən S.T.A.R. Labsa qayıdır. Bundan sonra, o, sürət gücünü istifadə edərək Cessini komadan ayıldır.
Zumun Dünya-2-dən gətirdiyi cani metainsanların Dünya-1-də Sentral-sitiyə hücuma başlamasından sonra Barri öyrənir ki, onların rəhbəri həlak olmuş Lorel Lensin (Qara bülbül) Dünya-2-dən olan oxşarı Qara sirena adlı canidir. Fleş və komandası Zumun hələ də polis idarəsində olmasını müəyyənləşdirir, Fleş oraya üz tutur. Orda Fleşi qarşılayan Hanter deyir ki, Fleş özünü qəhrəman kimi təqdim etdiyi müddətdə Zum onu məğlub edərək qarşısını alacaq. Fleş komandası yalnız Dünya-2-dən gəlmiş şəxslərə təsir edən səs gücləndiricisi yaradaraq, meta-insanların bir çoxunu sıradan çıxara bilir. Lakin Zum qaçaraq xilas olur. Siskoya Dünya-2-nin dağılmasını göstərən görgü gəlməsindən sonra Zum qayıdaraq, Henrini qaçırmağa çalışır. Fleş Zumun arxasınca qaçmağa başlayır, onlar bir zaman Eobard Toun tərəfindən Barrinin anasının öldürüldüyü köhnə ev gəlirlər. Zum, Barrinin gözü qarşısında Henrini öldürür. Bu arada, Uolli Fleş maskasının altında kimin gizləndiyini başa düşür. Henrinin dəfnindən sonra qayıdan Zum, Barriyə yarış təşkil edərək kimin daha sürətli olmasını birdəfəlik müəyyənləşdirməyi təklif edir, imtina alacağı halda isə onun başqa yaxınlarının da öldürülməsi ilə hədələyir. Uells öyrənir ki, Zumun Merkuri laboratoriyasından oğurladığı maqnetar adlı qurğu, Barri və Zumun yarış zamanı kifayət qədər enerji yaradacağı halda bütün kainatı məhv edə bilər. Yarış zamanı maqnetar enerji qəbul edərək Dünya-1-dən başqa digər dünyaları məhv etməyə hazırlaşır. Barri Zumun hiyləsini istifadə edərək müvəqqəti əkizini yaradır. Barri Zumla döyüşdüyü müddətdə, onun əkizi maqnetarı dayandırmaq üçün özünü qurban verir. Barri qalib gəlsə də, canini öldürməkdən imtina edir. Bu zaman peyda olan Zaman kabusları Zumu özləri ilə aparırlar. Əsl Cey Qarrikin Henrinin oxşarı olması meydana çıxır. Uells və Cessi, Ceyə Dünya-3-ə qayıtmaqda kömək etmək məqsədi ilə Dünya-2-yə qayıdırlar. Atasının ölümü ilə barışa bilməyən Barri, keçmişə qayıdaraq anasını Əksinə-Fleşin əlindən xilas edir.
Rollarda
Əsas heyət Qrant Qastin Barri Allen / Fleş Qastin həm də Allenin Dünya-2-dən olan qeyri-metainsan oxşarını canlandırır. Kendis Petton Ayris Uest Petton həm də Ayrisin Dünya-2-dən olan oxşarını canlandırır. Daniella Panabaker Keytlin Snou Panabaker həm də Snounun Dünya-2-dən olan oxşarı Qatil Şaxtanı canlandırır. Karlos Valdes Sisko Ramon Valdes həm də Ramonun Dünya-2-dən olan oxşarı Reyverbi canlandırır. Tom Kavanaq Harrison Uells Cessi L. Martin Co Uest MArtin həm də Conun Dünya-2-dən olan oxşarını canlandırır. Keynan Lonsdeyl Uolli Uest
İkinci heyət Con Uesli Şipp Henri Allen Şipp həm də Dünya-3-ün Fleşi olan Cey Qarriki canlandırır. Patrik Sabonquy Devid Sinqh