Azad — Azərbaycan bəstəkarı Cahangir Cahangirovun 1957-ci ildə bəstələdiyi beşpərdəli tarixi opera. Bəstəkarın opera janrında ilk əsəri olan "Azad"ın librettosunu şair Hüseyn Hüseynzadə Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusu və "Azad qız" əsərinin motivləri əsasında yazmışdır. Operanın süjetinin əsasını Cənubi Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, xalqın feodal-mülkədar zülmünə qarşı mübarizəsi və bu hadisələrin fonunda inkişaf edən dramatik-lirik münasibətlər təşkil edir.

Operanın dramaturji münaqişəsi iki qarşı duran sosial qüvvənin — xalq və onun nümayəndələri ilə feodal-mülkədar təbəqəsinin qarşıdurması üzərində qurulmuşdur. Əsərdə xalq obrazı əsas ideyanın daşıyıcısı kimi çıxış edir; buna görə də müxtəlif emosional və dramaturji funksiyalar daşıyan xor və kütləvi səhnələr operanın musiqi dramaturgiyasında mühüm yer tutur. Cahangirov əsərin musiqi dilində Azərbaycan xalq musiqisinin intonasiya və ifadə xüsusiyyətlərini klassik opera dramaturgiyası və polifonik inkişaf üsulları ilə əlaqələndirmişdir.

"Azad" operasının premyerası 27 noyabr 1957-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilmişdir. Tamaşanın dirijoru Kamal Abdullayev olmuş, əsas partiyaları Kazım Məmmədov, Firəngiz Əhmədova və İdris Ağalarov ifa etmişlər.

Yazılma tarixi Mənbə və mövzular

thumb|left|180px|Cahangir Cahangirovun "Azad" operasını qələmə alarkən təsirləndiyi Mirzə İbrahimov. Cahangir Cahangirovun "Azad" operasının librettosu Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusu və "Azad qız" povestinin motivləri əsasında yazılmışdır.

Cahangir Cahangirovun "Azad" operası yazıçı Mirzə İbrahimovun 1940-cı illərdə qələmə aldığı İran Azərbaycanında olan kəndli həyatında baş verən hadisələrdən bəhs edən "Gələcək gün" romanı və "Azad qız" povestinin motivləri əsasında yazılmışdır. Opera bu əsərlərin motivlərini özündə təcəssüm etdirir. Cənubi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda məzlum xalqların mübarizəsi bu operada öz əksini tapmışdır.

Mirzə İbrahimovun "Gələcək gün" romanı və "Azad qız" povestinin əsas ideyasını mülkədarların hakimiyyəti altında olan xalqın mübarizəsi təşkil edir. Əsərlərdə mübarizə mövzusu ilə kəndli Xəlil dayının ailəsindəki hadisələr bir-birinə qarışır, qızı Səciyyənin kədərli taleyi təsvir olunur. Səriyyə və onun nişanlısı Ayazın lirik taleyi əsərlərdə mühüm yer tutur. Bu tale yolların əlaqəsi, onların yanaşı mövcudluğu iki janrın, iki başlanğıcın epik-qəhrəmanlıq və dramatik-lirik janrların uyğunluğundan, son illərin bir çox əsərlərinə səciyyəvi olan janr sintetizmindən xəbər vermişdir.

Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusunda İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur.

Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan "Gələcək gün" romanı müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli əsərlərdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. Yazıçı "Gələcək gün" romanında yazırdı ki, "o gün gələcək. Azərbaycan xalqının da üfüqündə günəş doğacaq."

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Mirzə İbrahimovun "Gələcək gün" romanından bəhs edərək qeyd etmişdir:

"Gələcək gün" romanı Mirzə İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edir. Yazıçı Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatını romanda parlaq bədii boyalarla əks etdirmişdir. Cənubi Azərbaycanı, İranı yaxından tanıması, xalqın həyatına dərindən bələd olması ədibə bu həyatı və şahlıq rejiminin çox istiqamətli siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etmək imkanı yaratmışdır. Bu bələdlik ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazı canlı həyatdan götürmək şansı yaratmışdır. Bu obrazın prototipi Milli Hökumətin yaradıcılarından biri olan vətənpərvər, prokuror Firuddin İbrahimdir.

Mirzə İbrahimovun "Azad qız" librettosu Təbrizdə yaşadığı həmin keşməkeşli dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin əks-sədası idi. Librettonun müəllifi Hüseyn Hüseynzadə librettonu qələmə alarkən Mirzə İbrahimovun "Azad qız" dramının motivlərindən də istifadə etmişdir.

Yazılması

Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, musiqi mahnıları mövcuddur. Cahangir Cahangirov 1954-cü ildə Azərbaycan Sovet Bəstəkarları İttifaqının plenumunu yeni maraqlı xor, orkest, solist və qiraətçi üçün əsərlər, "Dostluq haqqında mahnı" suitası ilə qarşıladı. 1956-ci ildə bu süita Azərbaycan əstəkarlarının birinci qurultayında müvəffəqiyyətlə ifa olundu. Suita haqqında bəstəkar Dmitri Şostakoviç yazırdı: "Qardaş Zaqafqaziya xalqlarının dinc həyat obrazlarını təsvir edən bu əsərdə çox maraqlı və rəngarəng material mövcuddur."

1950-ci ilin ikinci yarısında Cahangir Cahangirov öz gücünü opera janrında da sınamaq fikrinə düşür. Bununla da "Azad" operasını qələmə almışdır. Operanın librettosu şair Hüseyn Hüseynzadə tərəfindən yazılmışdır. Hüseyn Hüseynzadə bu librettonu yazarkən Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusundan və "Azad qız" dramının motivlərindən istifadə etmişdir.

Cahangir Cahangirovun musiqi dilinin əhəmiyyətli cəhətlərindən biri milli xarakterli melodiyalar və çoxsaylı düzüm yaratmaqdır. Bu, bütövlüklə xalq havalarını əks etdirmək və ya onlar üçün səciyyəvi olan fraqmentləri təsvir etmək əsasında deyil, bəstəkarlıq quruluşunun ifadə prinsiplərini və Azərbaycan xalq musiqisi üsullarını yaradıcı surətdə sərbəst tətbiq etməyə əsaslanır. Beləliklə, "Nərgiz" operasından başlayan ilk addımlar sadə çoxsəslilikdən daha inkişaf etmiş polifonik formalara "Azad" operasının polifoniyasına gətirib çıxarır.

Cahangir Cahangirov başqa əsərlərində olduğu kimi, "Azad" operasında da zəruri, aktual mövzulara müraciət edərək, öz musiqisinə xas olan epik-nəqli cizgiləri daxil etmişdir. Libretto müəllifi Hüseyn Hüseynzadə operanın məzmununda ədəbi əsərləri səhnələşdirərkən labüd sayılan bəzi dəyişiklər etmişdir. Məhz buna görə də romandan fərqli olaraq, iştirakçıların adı dəyişdirilmiş, sayı azaldılmışdır. Bəzi hadisələr ümumi şəkildə verilmişdir. Bu da əsərin ideya xəttinin kəskinliyini azaltmışdır və bəstəkarın yaradıcılıq işini müəyyən dərəcədə məhdudlaşdırmışdır. Buna baxmayaraq, opera xalq faciəsi kimi müəllif tərəfindən düzgün düşünülmüşdür.

Operanın librettosu hadisələrin məkan və zamanını ümumiləşmiş şəkildə təqdim edir. Bütövlükdə isə operada hadisələrin məkanı və zamanı üçün səciyyəvi olan bir çox amillər nəzərəçarpacaq dərəcədə ümumiləşdirilmişdir. Buna müvafiq olaraq, musiqidə də milli-xalq xüsusiyyətləri bir sıra nömrələrdə, sözsüz ki, Cənubi Azərbaycan musiqisinin əlamətləri olmasına baxmayaraq o qədər də aydın görünməmişdir.

Operada dramaturji münaqişənin əsasını iki müxtəlif sosial qüvvənin xalq və onun qəhrəmanları feodal-mülkədar əyanların ziddiyyətli qarşıdurması təşkil etmişdir. Feodal əyanlarını operada jandarm zabiti Yavər, onun ətrafı, xan və başqaları təmsil edirlər. Sosil cəhətdən müxtəlif olan bu qrupların xarakteristikası bir-birindən ayrılmışdır. Özünün ayrı-ayrı nümayəndələri ilə birlikdə xalq obrazı ardıcıl şəkildə açılır, daha sonra isə əvvəlki xarakteristikalar ilə dərinləşir.

Operanın dramaturji quruluşuna klassik opera dramaturgiyasının təsiri aydın görünmüşdür. Belə operalardan Mixail Qlinkanın "İvan Susanin", Modest Musorqskinin "Boris Qodunov", Üzeyir Hacıbəyovun "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarını göstərmək mümkündür. Bir çox operalarda olduğu kimi, inkişafın əsas prinsiplərini ziddiyyət təşkil edir. Bu ziddiyyət pərdələrin, səhnələrin ardıcıllığında, epizod və fraqmentlərin quruluşunda özünü göstərir.

Operanın baş qəhrəmanı, onun əsas ideyasının daşıyıcısı xalqdır. Buna görə də özünün emosional-obraz məzmununa görə müxtəlif olan xor və kütləvi səhnələr operada mühüm yer tutur. Operada xalq çoxcəhətli xarakterizə olunmuşdur. Onun musiqili xarakteristikası müxtəlif və kifayət qədər müstəqil fraqmentlərdən yaranmışdır. Bütün epizodlarda qüssədən fəallığa doğru artan təcəssümetdirici obraz-xətt mövcuddur.

Rollar 200px|thumb|right|"Azad" operasının premyera bukletinin üz qabığı, 1957, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyası + RolSəs tipiPremyera quruluşundakı ifaçı, 29 noyabr 1957Dirijor: Kamal Abdullayev SəriyyəsopranoFirəngiz Əhmədova Ayaztenor Kazım Məmmədov YavərbaritonAğababa Bünyadzadə Hacirkişi səsiQafar Əliyev Xankişi səsiRoman Trifonov Hürü xalaqadın səsi Fars qızıqadın səsi

Libretto I Pərdə

Hadisələr Cənubi Azərbaycanın dağətəyi kəndlərindən birində baş verir. Kəndlilər bol məhsul yığımını qeyd edirlər. Xəlil dayının ailəsində də sevinc hökm sürür: onun qızı Səriyyə Ayazı sevir və gənclər qarşıdakı toylarını düşünürlər. Lakin kəndin sakit həyatı xanın adamlarının məhsuldan vergi toplamaq üçün gəlməsi ilə pozulur. Əzilən kəndlilərin narazılığı artır və onlarla jandarmlar arasında qarşıdurma yaranır.

Xanın oğlu, jandarm zabiti Yavər müqavimət göstərən Ayazın həbs edilməsini əmr edir. Səriyyə sevgilisini müdafiə etməyə çalışır. Onun gözəlliyinə heyran olan Yavər Səriyyəyə vurulur və Xəlil dayıya qızını öz evinə qulluqçu göndərməyi təklif edir. Xəlil dayı bunu rədd edir. Yavər isə Ayazı həbs etdirir. Beləliklə, pərdənin əvvəlindəki lirik-məişət səhnəsi xalqla hakim təbəqə arasındakı açıq qarşıdurmaya çevrilir.

II Pərdə

Ayazın həbsindən sonra Səriyyə sevgilisini xilas etməyin yollarını axtarır. O, dağlarda gizlənən və hakimiyyətə qarşı mübarizə aparan Hacirə Ayazın tutulması xəbərini çatdırır və ondan kömək istəyir. Üsyançılar Ayazı azad etmək qərarına gəlirlər.

Hacir və onun silahdaşları Ayazı həbsdən qurtarmağa nail olur və Ayaz onlarla birlikdə dağlara çəkilir. Bununla onun şəxsi taleyi xalqın azadlıq mübarizəsi ilə birləşir. Səriyyənin taleyi isə əks istiqamətdə inkişaf edir: o, zorla Yavərin evinə aparılır. Beləliklə, Ayaz azadlıq mübarizəsinə qoşulduğu halda, Səriyyə Yavərin hakimiyyəti altına düşür.

III Pərdə

Hadisələr xanın sarayına keçir. Burada xalqın ağır həyatı ilə kəskin təzad təşkil edən kef və əyləncə məclisi təsvir olunur. Zadəganlar içki və rəqslə əylənir, sarayda Fars qızının mahnısı səslənir. Bu səhnələr hakim təbəqənin həyat tərzini göstərməklə yanaşı, operadakı iki sosial dünyanın — xalqla feodal-zadəgan mühitinin — qarşılaşdırılmasını gücləndirir.

Məclis xanın qəzəbli şəkildə gəlməsi ilə pozulur: üsyançılar artıq fəallaşmış, hakimiyyətə qarşı hücuma keçmişlər, Yavər isə təhlükəyə baxmayaraq əylənməkdədir. Hadisələrin gedişində Səriyyə də saraya gətirilir. Çətin vəziyyətdə qalan Yavər məsuliyyəti öz üzərindən atmaq üçün Səriyyəni üsyançılarla əlaqədə olmaqda ittiham edir.