Coğrafi mövqeyi Göydərə nekropolu, Culfa rayonunun Göydərə kəndindən şimal-qərbdə, hündür dağ yamacında yerləşir. Qərbdə dərə, şimalda dağ silsiləsi, şərqdə və cənubda Göydərə kəndi ilə əhatələnir.

Haqqında Yaşayış yerində 1990–1991-ci illərdə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlərin hamısı qərb-şərq istiqamətindədir. Onların başdaşıları saxlanmamışdır. Sinə daşları dördkünc prizmatik formadadır. Burada həmçinin qoç daşlara və sənduqələrə təsadüf olunur. Sənduqələrin bir qismi düzbucaqlı əsas üzərində hazırlanmış və yuxarıda tağvari formada tamamlanmışdır. Bəzi qəbirlərin üzərində Ərəb əlifbası ilə kitabələrə təsadüf edilir. Qəbirlərdən birinin yan tərəfində Azərbaycanın Orta əsr təsviri sənəti üçün xarakterik olan tüfəng və qılınc təsvir edilmişdir. Qoç daşları xüsusilə yüksək sənətkarlıqla hazırlanmışdır. Onlardan birinin üzərində ox işarəsi vardır. Oxun о biri ucu oval dairə ilə tamamlanır. Göydərə nekropolunu 13–17 əsrlərə aid etmək olar.

Əhəmiyyəti Nekropol Naxçıvan ərazisində orta əsrlər nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə tarixi abidələr Kateqoriya:Naxçıvan nekropolları Kateqoriya:Culfa rayonunun nekropolları