İskəndərun, qədimdə Aleksandretta ((), Türkcə mənası "Kiçik İskəndəriyyə"; Ərəbcə: لواء اسكندرون, Lue İskəndərun, mənası İskəndərun Taboru) — Türkiyənin Hatay vilayətində 15 şəhərdən biridir.

E.ə. 333-cü ildə Böyük İsgəndərin İssos şəhəri yaxınlığlnda qazandığı zəfərdən sonra Alexandreya adı ilə qurulmuşdur. Bu şəhər qurulmazdan qabaq burada Miriandos adında bir Finikiya şəhəri mövcud idi. Makedoniya çarı Böyük İsgəndərin, İran şahı III Daraya qarşı İsos vadisində üstünlük yaratması ilə əsası qoyulan bu şəhər sahib olduğu coğrafi önəmin səbəbi ilə tarixdə bir çox dəfə işğala uğramışdır.

Selevkilərdən romalılara, ardından 395-ci ildə Şərqi Romanın bir hissəsi olmuş, VIII ortalarında xilafətin, 1516-cı ildə Məmlük imperiyasının tərkibinə keçmiş, 1517-ci ildə Yavuz Sultan Səlimin Misir səfəri zamanında baş verən Mərcidabık döyüşü ilə də Osmanlı imperiyasının bir hissəsi olan İskəndəruna Birinci Dünya müharibəsində Birləşmiş Krallıq və ardınca Fransa nəzarət etmişdir. 1938-ci ilə qədər Fransız himayəsində Suriyanın bir sancağı olaraq qalmışdır.

Böyük Britaniya və Fransa Birinci Dünya müharibəsi zamanı gizli şəkildə imzaladıqları Sayks–Piko sazişi ilə Yaxın Şərqi öz aralarında bölüşdürmüşdülər. Bu sazişə əsasən Suriya, Livan, Çukurova və Sancaq bölgəsi Fransanın nüfuz dairəsinə daxil edilmişdi. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918-ci ildə Mudros mütarəkəsi imzalandığı zaman Sancaq bölgəsi türk qüvvələrinin nəzarəti altında idi. Lakin mütarəkənin 7-ci və 16-cı maddələrini əsas gətirən Antanta dövlətləri, bölgədə Yıldırım Orduları Komandanı olan Mustafa Kamal Paşanın müqavimətinə baxmayaraq, 4–9 noyabr 1918-ci ildən etibarən başda İskəndərun limanı olmaqla Hatay, Urfa, Antep, Maraş və Çukurova bölgələrini işğal etdilər. İşğallarla paralel olaraq, gizli sazişə uyğun şəkildə bölgə Fransaya verildi. Fransa isə bölgədəki hakimiyyətini möhkəmləndirmək məqsədilə 27 noyabr 1918-ci ildə mərkəzi Beyrutda yerləşən Fransanın Ali Komissarı general Quro (Gouraud) tərəfindən yayımlanan fərmanla "İskəndərun Sancağı"nı yaratdı.

5 iyul 1939-cu ildə Türk Ordusunun İskəndəruna girməsi ilə, İstiqlaliyyət hərəkatının təməl daşı atılmışdır.

İskəndərun, Türkiyənin tərkib hissəsi olduqdan 1974-cü ilə qədər olan dövrdə olduqca kiçik bir qəsəbə olmuşdur. 1974-cü ildə istehsalata başlayan Türkiyənin üçüncü Dəmir-polad Fabriki, şəhər yaşayışına böyük canlılıq gətirmişdir. Həmçinin, şəhərdə superfosfat fabriki, bitki yağı, yem, un, konserv məhsulları, tomat, toxunma məmulatları, çəltik, avto-ehtiyat hissələri və s. üzrə fabrika və zavodlar vardır. Boru xətti ilə Batmandan gələn benzin, İskəndərun Limanında dəniz yolu ilə Mersinə göndərilir. Limanda Dəmir-Polad və Superfosfat fabriklərinin gəmiləri, NATO-ya bağlı bir gəmi və dəmiryol stansiyası mövcuddur. Türkiyənin dördüncü böyük limanı İskəndərun Limanının illik yükgötürmə qabiliyyəti 8,7 milyon tondur.

Şəhər ərazisində təbii plyajlar və yaylaqlar mövcuddur. Bu gün İskəndərun Türkiyənin qabaqcıl şəhərlərindən biri olub, xüsusilə sənaye, dəniz ticarəti və turizm işlərində sürətlə güclənən bir şəhərdir.

İstinadlar

Kateqoriya:Türkiyə şəhərləri Kateqoriya:İskəndərun Kateqoriya:Aralıq dənizinin limanları Kateqoriya:Levant Kateqoriya:Türkiyənin sahilyanı yaşayış məntəqələri Kateqoriya:Türkiyədəki qədim yunan arxeoloji abidələri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri